Müəllif Texnoloji proqnozlar. Bizi gələcəkdə nə gözləyir?

Texnoloji proqnozlar. Bizi gələcəkdə nə gözləyir?

IBM texnoloji nəhəngi artıq neçə illərdir ki, “bizim” texnoloji gələcəyimizlə bağlı olduqca təmtəraqlı proqnozlar verir. Və qeyd etmək lazımdır ki, düzgün proqnozlar heyrətdoğurucu şəkildə səhv proqnozların faizindən həmişə yüksək olur.

Bu dəfə də şirkət beş innovasiya texnologiyasından ibarət siyahı təqdim edib. IBM-in fikrinə görə həmin innovasiya texnologiyaları yaxın beş il ərzində bizim həyatımıza ən ciddi təsirlərini göstərəcək.

Bu proqnozlara görə, cəmi bir neçə il ərzində bizləri Süni İntellekt (Sİ) sahəsində çox güclü teleskoplar, ağıllı sensorlar və tibb cihazlarının ciddi yüksəlişi gözləyir. Həmin innovasiyaların faydası səhiyyə və ətraf mühitin qorunması sistemi ilə bağlı sahələrdən başlamışdır.

İndi isə yaxın gələcəkdə bizləri gözləyə biləcək şeylərə diqqət yetirək. Yaxşı olar ki, bloknot götürüb həmin yenilikləri qeyd edəsiniz ki, 2022-ci ildə o kəşflərin baş verib-vermədiyini özünüz yoxlaya biləsiniz.

Sİ sayəsində biz insanın psixoloji sağlamlığı ilə bağlı diaqnozlar qoya biləcəyik

İndi insanın necə danışdığını sadəcə müşahidə etməklə, onun barəsində çox şeyi bilmək olur. Səsdə yorğunluq, həyəcan, çaşqınlıq, diqqətsizlik və ya qüssə dəqiq hiss olunur.

İnsanlar öz təkamül prosesində əhvalın vəziyyəti ilə əlaqəli bu kimi əlamətləri özləri başa düşməyi öyrəniblər, amma, indiki kompüter hesablamalarının inkişafı bundan əlavə, nitqin təhlili ilə bağlı tətbiq edilən texnologiyalar nəticəsində daha təkmil və belə demək mümkünsə, daha bəsirətli olublar.

İndi biz necə danışırıq və necə yazırıqsa, bütün bunlar bizim psixoloji əhvalımızın və fiziki sağlamlığımızın indikatoru qismində istifadə olunmağa başlayacaq

Bu necə baş verəcək? Misal üçün, Parkinson xəstəliyi kimi psixoloji pozğunluq və xəstəlik smartfonunuzun adi mobil əlavəsinin köməyilə Sİ sistemi ilə sinxronizasiya olunacaq. Xəstəliyin əlamətlərinin daha erkən çağlarda aşkar edilməsi sayəsində, onun müalicəsi üçün lazım olan vasitələrin əldə olunması üçün sizin daha çox vaxtınız olacaq.

İlk baxışda nitqin xüsusiyyətləri və xəstəlik simptomları arasında gərginlik nəzərə çarpa bilər, lakin bu funksiyanı yerinə yetirməyə qabil olan eksperimental sistemlər artıq indidən peyda olmağa başlayıb. Məsələn, Cənubi Kaliforniya Universitetindən olan alimlər komandası normal nitqin dəyişkənliyini müəyyən edən və onu depressiv vəziyyətin əlamətləri ilə müqayisə edən proqram hazırlayıb.

Yeni texnologiyalar və Sİ sayəsində adamlar super görmə qabiliyyəti əldə edəcəklər

Bizim gözlərimiz öz-özlüyündə təbiətin və biologiyanın heyrətamiz imkanlarının gözəl nümunəsidir, amma, IBM-ə görə Sİ-alqoritmləri bazasında olduqca sürətli sistemlər tandemində çox güclü, həm də eyni zamanda həddən ziyadə kiçik kameralar sayəsində, adamlar 2022-ci ildə adi insan gözünə nisbətən daha çox görmə imkanları əldə edəcəklər.

Adi işıqla yanaşı adamlar mikro dalğaları, millimetr diapozununda dalğaları və hətta infraqırmızı spektr diapozununda əldə olunan təsvirləri belə görə biləcəklər. Və bütün bunlar adi geyim cibində yerləşə bilən yığcam cihazlar vasitəsilə mümkün olacaq.

Maraqlıdır ki, belə qurğulardan ilkləri artıq peyda olmağa başlayıb. Elə daltonizmdən və axromatopsiyadan (rəngləri yalnız ağ-qara təsvirdə görə bilən adamlar) əziyyət çəkən insanlar rəngləri düzgün təsvir edən, ətraf aləmi olduğu kimi görməyə imkan verən EnChroma eynəklərini misal gətirə bilərik. Hazırda bu cür texnologiyalar çox bahalıdır və eksperimental şəkildə buraxılır, amma 2022-ci ildə istənilən şəxs bunları əldə edə biləcək.

“Makroskoplar” bizə Yerin mürəkkəbliyini misilsiz detallarla anlamaqda kömək edəcəkdir.

Peyk texnologiyaları sayəsində bizlər qapı açarının çuxuruna belə baxa bilirik, bununla artıq çox az adamı heyrətləndirə bilərsən. Lakin, Google Earth kimi servislər hələ başlanğıcdır.

IBM mikroskop prinsipi ilə, amma, əks istiqamətdə işləyən – “Yer haqqında kompleks məlumatları” bir yerdə birləşdirə bilən və bizə həmin informasiyalara tamamilə başqa baxış bucağından nəzər yetirmək imkanı verə biləcək “makroskop sistemləri” ilə bağlı öncəgörənlik edir.

Bu texnologiyalar peyklər vasitəsilə təkcə informasiya yığımı imkanlarını genişləndirməyəcək, həm də bizi daha “ağıllı” sensorlarla, hava stansiyaları ilə təmin edəcək, eləcə də məlumatların emalından ötrü daha optimal daha strukturlu üsullar seçməkdə kömək edəcək.

Bu texnologiyalar yalnız Yer kürəsində və ondan kənarda baş verən təbiət hadisələri ilə bağlı məsələləri deyil, həm də bizim adi həyatımızla bağlı məsələləri öyrənməyimizə də faydalı olacaq.

“Çipdə olan laboratoriyalar” tibbdə inqilaba gətirib çıxaracaq

IBM hesab edir ki, kompüter texnologiyalarının inkişafı və məhsuldarlığının artması ilə tibb, bu inkişafdan ən çox faydalana bilən sahələrdən biri olacaq. Təsəvvür edin ki, siz öz evinizdən çıxmadan belə, çox ucuz və sərbəst şəkildə dəqiq tibb diaqnozu qoya biləcəksiniz və ya xəstəliyin yaxınlaşdığını indikindən daha tez biləcəksiniz.

“Yeni “çipdə yerləşən laboratoriyalar” (bunlar həm də tam analizin mikrosistemləridir) bizim orqanizmimizdə və mayelərdə gələcək xəstəliklərin törəmələrini izləyən və dərhal bizə həkimə getməyin vacibliyini çatdıran nanotexnoloji həkim-detektivlər rolunu oynayacaq”, IBM belə izah edir.

Başqa sözlərlə desək, gələcəyin tam mükəmməl laboratoriyaları sizin ovcunuzda yerləşə biləcək.

Xərçəng və ya Parkinson xəstəliyi kimi xəstəliklərin erkən çağlarda müəyyən edilməsi, onların müalicəsinin uğurlu alınmasında böyük fərq yarada bilər. Məhz, bu səbəbdən alimlər bizim ifrazat sistemlərimizdəki məhsulların (göz yaşları, qan, sidik və tər) analizinin aparılması metodlarını həm təkmilləşdirilməsi, həm də metodların sadələşdirilməsi üzərində işləyirlər.

2022-ci ildə bizim yuxu monitorinq sistemlərimiz və fitnes-qolbaqlar məlumatları Sİ serverlərinə göndərəcək və orada effektli və sürətli emal prosesi gedəcək. Sonra isə əhvali-ruhiyyəmizi və səhhətimizi necə yaxşılaşdırmaqla bağlı həmin məlumatlar təfərrüatlı məsləhətlərlə birlikdə geriyə, bizə qaytarılacaq. Və bütün bunlar eyni anda həm də sizi müalicə edən həkimə göndəriləcək və o da yaxınlaşmaqda olan bütün xəstəliklərin əlamətlərindən xəbərdar olacaq.

“Ağıllı sensorlar” ətraf mühitin çirklənməsini daha sürətli müəyyən edə biləcək

IBM hesab edir ki, ağıllı cihazlar və Sİ-analizlər sisteminin kombinasiyası ətraf mühitin çirklənməsi təhlükəsi ilə bağlı məsələləri daha dəqiq və vaxtında xəbər verə biləcək. Xəstəlikləri erkən müəyyən edə bilən smart-trekerlər kimi yerə və ya uçan dronlara yerləşdirilmiş smart-sensorlar da ilkin analiz olmadan belə atmosferə və yerin təkinə və ya üzərinə atılan çirkləndirici maddələri müəyyən edə biləcək.

Belə çirklənmələrə nümunə olaraq adi gözlə görünməyən, amma qlobal istiləşmənin karbon qazından sonra ikinci mənbəyi sayılan atmosferdə metanın səviyyəsinin artmasını – göstərmək olar. Qaz boru kəmərləri boyunca, anbar təsərrüfatlarının yanında və  bu tullantıların təbii mənbələrində quraşdırılmış smart-sensorlar demək olar ki, ani surətdə bunu müəyyən edə və atmosferdə onun hansı təhlükəli səviyyədə toplandığını xəbər verə biləcək.

“Bu cür sızmalar indiki kimi bir həftə ərzində deyil, bir neçə dəqiqə müddətində müəyyən oluna biləcək. Bu təkcə sızmaların həcmini azaltmağa kömək etməyəcək, həm də potensial fəlakətlərin nəticələrindən yan keçməyə imkan yaradacaq”, – İBM belə izah edir.

Dəfələrlə deyildiyi kimi, gələcəkdən xəbər vermək – heç də həmişə nəcib iş hesab olunmur və heç də asan məsələ də deyil. Lakin, bütün yuxarıda misal çəkdiyimiz texnologiyalar bu və ya digər formada bütün dünya üzrə tədqiqat və elm komandaları tərəfindən işlənib hazırlanmaqdadır. Başqa sözlərlə desək, bütün bu texnologiyaları nə vaxt əldə edə biləcəyimiz məsələsi isə artıq zamana bağlıdır.

süni-intellekt,ibm,texnologiya,